Süfrə
Jardin Bleu: Vive le Vintage!
08 İyul 2024
Yeni kolleksiya üçün ilham
və mövzu axtarışları Hom-me kreativ heyətini həmişə gözlənilməz yaradıcılıq sərgüzəştlərinə
gətirib çıxarır. “Jardin Bleu” kolleksiyasının ərsəyə gəlməsi tarixçəsi isə
olduqca maraqlı, Luar sahillərinin dəyərli memarlıq incilərindən olan Valanse qəsri
- Florensiya və Bakını birləşdirən beynəlxalq əməkdaşlıq və ən əsası, fərqli nəsil
nümayəndələri olan sənətkarların tarixi sənət ənənəsinə müasir baxışını əks
etdirir. Bu məqaləmizdə, komandamızın kreativ axtarış prosesini əks etdirən,
yekun nəticə olaraq yüzlərlə interyer və süfrədə fərqli şəkildə təqdim edilən
kolleksiyalarımızdan birinin – “Jardin Bleu” kolleksiyasının tarixçəsini sizlərlə
bölüşmək istəyirik.
Son illərdə, əvvəlki nəsillərin dəb və zövq hisslərini ifadə edən tərzlərin yenidən aktuallaşdırılması – vintaj
tərzə olan marağın artmasına gətirib çıxarmışdır. Dəb sənayesi analitikləri, bu
halın keçici bir təsir olmadığını və vintaj tərzin hələ uzun illər aktuallığını
saxlayacağını qeyd edirlər. Sözsüz ki, bu cür qlobal “yenilik” Hom-me brendinin
kreativ komandasının gözündən yayına bilməzdi və buna görə də, komandamız
2024-cü ilin əsas kolleksiyalarından
birini məhz intibah dövrünü yaşayan vintaj tərzdə hazırlamağı qarşısına
məqsəd qoymuşdu.
Yaradıcılıq axtarışları zamanı komanda üzvlərimizdən biri, Avropada Şinuazri (fransızca “Chinoiserie”) tərzinin dəbdə olduğu XVIII əsrdə yaradılmış məşhur Tual-de-Juy (fransızca “Toile de Jouy”) parçası ilə qarşılaşır və bir müddət əvvəl Luar çayı sahilində yerləşən, UNESCO Ümumdünya İrsi siyahısına salınmış məşhur Valanse qəsrində (fransızca “Château de Valençay”) – Hersoginya Dinonun yataq otağının interyerini xatırladır! Və, “voilà!” - fantaziya uçuşlarına start verilir!
Orta əsrlərə aid Valanse qəsri XIX əsrdə məşhur Taleyran sülaləsi (fransızca Talleyrand-Perigord) tərəfindən alındıqdan sonra, qəsrin interyerinə yenilikçi əlavələr edilir. Hersoginya Dinonun yataq otağına bitişik olan vanna otağının interyeri də həmin dövrdə fransız ustadlar tərəfindən yenilənir və bu zaman otağın divarları bizim diqqətimizi çəkən tual parça

divar üzlüyü ilə bəzədilir. Həmin divar örtüyünü diqqətlə araşdıran Hom-me kreativ heyəti axtarışlarını bir az da genişləndirərək, XVIII-XIX əsrlərdə mərkəzi və qərbi Avropanın müxtəlif ərazilərində istifadə edilmiş bir neçə mükəmməl tual parçası seçərək onları yeni kolleksiyanın əsas ilham mənbəyi kimi təsbit edir.
İlkin dizaynın hazırlanması üçün kreativ heyət, Hom-me-nin müntəzəm olaraq əməkdaşlıq etdiyi italyan rəssam Marçello Bonini və azərbaycanlı rəssam Fazil Yaqubova müraciət edərək fikrin xülasəsini təqdim edir, rəng tonları və ümumi kolleksiya atmosferi haqqında gözləntini paylaşır. Komandanın ilkin planına görə, təsəvvür edilən ab-havanı daha yaxşı ötürən dizayn seçilməli olsa da, təyin edilmiş müddətin sonunda rəssamların təhvil verdiyi işlər komandanı olduqca mürəkkəb seçim qarşısında qoyur!
Fərqli dövrlərin və fərqli yaradıcılıq məktəblərinin yetirməsi olan hər iki rəssam eyni mənbədən ilhamlanaraq, bir-birinin tam əksi olan dizayn ərsəyə gətirmiş və dövrünün şah əsəri olan klassik dizayna yeni baxış təqdim etmişdi. Lakin, kompozisiya quruluşu baxımından bir-birinin əksi olan bu iki dizayn, təəccüblü bir şəkildə həm də bir-birini tamamlayaraq, sanki iki rəssamın bədii duetinə çevrilirdi. Buna görə də, Hom-me kreativ heyəti, hər iki sənətkar tərəfindən yaradılmış dizaynı istehsala göndərməyi qərara alır.
Rəssam Fazil Yaqubovun yaratdığı dizayn, dekonstruktiv xarakter daşımaqla, ənənəvi nisbətlərdən kənar olsa da, təsbit edilmiş ilham mənbəyinin ab-havasını dəqiqliklə ötürərək, detallara və formaya diqqət yetirməklə hazırlanmışdır. Rəssam, Tual-de-Juy parçaları üçün xarakterik olan pastoral insan fiqurlarından imtina edərək, tekstildə tamamlayıcı fon kimi istifadə edilən peyzaj elementlərini ön plana çəkmiş, nəbati naxışları istehsal edilcək predmet formalarının ətrafında qeyri-bərabər formada toplayaraq tənzimlənməmiş kompozisiya yaratmışdır.
Ümumilikdə müasir süfrə predmetlərinin dizaynı üçün xarakterik olan bu yanaşmanın Tual-de-Juy elementləri ilə vəhdəti orijinal, yüngül və “yumşaq” bir görüntünün ortaya çıxmasına səbəb olmuşdur.

Dizaynın “rahatlıq” ab-havasının saxlanması üçün, Hom-me kreativ heyəti, istehsal zamanı parlaq elementlərdən istifadə etməməyi qərarlaşdırmış və zərif formaya malik keramik material seçmişdir. Rəssamın seçdiyi ünikal rəng tonunun dolğun əks etdirilməsi üçün, Türkiyədə gerçəkləşdirilmiş kütləvi istehsaldan əvvəl uzun müddət rəng testləri aparılmışdır.
Fazil Yaqubovun dizaynı əsasında istehsal edilmiş geniş tərkibli “Jardin Bleu” (Blue Bird version) yemək dəsti səhər yeməyi, gündəlik nahar və şam yeməyi süfrələri üçün əla seçimdir. Dəstin əsas xüsusiyyətlərindən biri də rahatlıqla qabyuyan maşın və mikrodalğalı sobada istifadə edilməsidir.

Rəssam Merçello Bonininin yaratdığı dizayn, tarixi Avropa çini manufakturalarında istehsal edilmiş klassik nahar və çay dəstləri üçün xarakterik olan elementləri özündə birləşdirir. Tual-de-Juy parçalarının əsas kompozisiya mərkəzini təşkil edən (əksər hallarda) pastoral insan fiquru M. Bonninin dizaynının kompozisiya mərkəzidir.
Tuş, quaş və sulu boya ilə işlənmiş dizaynda ön plana bir əlində badə, bir əlində üzüm salxımı tutmuş, başında çiçəklərlə bəzədilmiş çalma olan işçi xanım çıxır. Onun arxasında isə Toskana üçün tipik olan (M. Bonini Florensiyada yaşayıb-yaradır) peyzaj görünür: hündür təpə üzərində inşa edilmiş kənd evi üzüm bağları ilə əhatələnmişdir, arxada isə uzun boylu sərv ağacları sıralanmışdır.
Klassik ənənəyə sadiq qalan M. Bonnini mərkəzi dekor kompozisiyasını iki dekorativ kəmərlə tamamlamışdır. Birinci kəmər qızılı palıd yarpaqları ilə, ikinci kəmər isə üzüm salxımları ilə bəzədilmişdir. Ümumi dizayn, parlaq qızılı haşiyə ilə tamamlanmışdır.
Sanballı neoklassik stili ilə bu dizaynın istehsalı üçün ən uyğun material yüksək keyfiyyətli zərif sümük çinisi ola bilərdi və buna görə də Hom-me kreativ heyəti dizaynın istehsalını Böyük Britaniya kral ailəsi üçün çini məhsullar istehsal edən, dünyanın ən aparıcı çini fabriklərindən birinə həvalə etmişdir. “Jardin Bleu” (Blue Lady version) çay və yemək dəsti Çində, yüksək faizli sümük qarışımına malik premium keyfiyyətli farfordan, seçmə üsulu ilə istehsal edilmişdir.
Özü-özlüyündə sümük çinisi (farfor) kifayət qədər dözümlü və uzun ömürlü material olsa da, qızılı işləmələrə görə bu dəstin uzunömürlüyünü təmin etmək üçün, xüsusi istifadə qaydalarının (mikrodalğalı sobaya qoymaq olmaz və əl ilə yuyulmalıdır) gözlənilməsi vacibdir. Buna baxmayaraq, düzgün istifadə edildiyi halda, bu zərif çini dəst nəsildən-nəsilə keçən ailə sərvətinə çevrilə bilər.

“Jardin Bleu” kolleksiyasının tekstil və dekor predmetləri də Hom-me kreativ heyətinin yaradıcı axtarışlarının nəticəsidir. Belə ki, hər iki nahar və çay dəstini tamamlayacaq süfrə və ev tekstili haqqında düşünən komanda, şərq incəsənətinin Avropa mədəniyyətinə təcəssümündən ilhamlanaraq yaradılmış kolleksiyaya XVII-XVIII əsr Avropa zadəgan mülkləri üçün ənənəvi olan tekstil nümunələri – qobelen yastıq üzləri, süfrələr, süfrə xalısı və boşqab altlıqları əlavə etmək qərarına gəlmişdir. Bunun üçün qədim ənənələr əsasında qobelen istehsalını davam etdirən ən qədim Avropa tekstil manufakturalarından biri ilə əməkdaşlıq edilmiş və Belçikada yüksək keyfiyyətli pastoral təsvirli qobelenlər istehsal edilmişdir.

“Jardin
Bleu” yataq dəsti isə 300 iplik pambıq-satin materialdan Türkiyənin məşhur
tekstil fabriklərindən birində istehsal edilmişdir. Dəstin dizaynı, Hom-me
dizaynerləri tərəfindən vintaj tərzdə və ümumi kolleksiya ab-havasına uyğun
rəng çalarları ilə hazırlanmış floral naxışlara malikdir.
“Jardin
Bleu” kolleksiyası üçün ev dekorlarının planlaşdırılması zamanı Şinuzari
tərzinin Avropada məşhur olduğu ərəfədə yaradılmış müxtəlif saray, iqamətgah və
mülklərin interyerləri, dekor elementləri nəzərdən keçirilmişdir. Sözsüz ki,
həmin dövrdə Avropa dizayn sənətinin əsas “kəşflərindən” biri məşhur Delft
fayansı (niderland dilində “Delfts blauw”) idi. Çində Min sülaləsinin hakimiyyətdə olduğu dövrdə
yaradılmış monoxrom çini nümunələrini təqlidən yaradılmış Delft fayansı çini
keyfiyyəti baxımından asiyalı sələflərindən xeyli geridə qalsa da, bədii
tərtibat və sənət dəyəri baxımından fərqli müstəviyə çıxa bilmişdi.
.jpg)
Buna baxmayaraq, monoxrom ev dekoru, bütün dünyada ənənəvi olaraq Çin mədəniyyəti ilə əlaqələndirilməyə davam etmiş, eyni zamanda hər dövrdə yeni bədii interyer tərzlərində də öz yerini almağa davam etmişdir.
Hom-me brendinin “Jardin Bleu” ev dekoru predmetləri Çinin yüzillik tarixə malik keramika manufakturalarından birində, Avropada geniş istifadə edilən ənənəvi formalar və nəbati naxışlar istifadə edilməklə istehsal edilmişdir. Kolleksiyaya daxil olan güldanlar, meyvə qabları və qapaqlı dekorativ güldanlar hər biri tamamilə əl işi olmaqla, rəssamlar tərədindən əllə çəkilmiş naxışlarla bəzədilmişdir.
Hər biri bir sənət əsəri olan bu dekor əşyaları istənilən interyerə unikallıq bəxş etməklə, evinizə sənət toxunuşu gətirmək üçün yaradılıb.
.jpg)